Logo

ATU-nun şəkərli diabet şöbəsinin müdiri:  “Pompaları bu uşaqlar üçün istifadə edirik”

13.08.2021 17:12 1040 baxış
IMG

ATU-nun Tədris Terapevtik Klinikasının şəkərli diabet şöbəsi insulin pompaları alıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının şəkərli diabet şöbəsi öz işini müasir tələblər səviyyəsində qurur. Diabet xəstəliyinin idarə edilməsi üzrə ən son texnoloji yeniliklər, eləcə də 2020-21-ci illər üçün tövsiyələr tətbiq edilir. Şöbənin müdiri Sevil Mustafayeva qeyd edir ki, bu istiqamətdə ən mühüm işlərdən biri də insulin pompalarının istifadəsi ilə bağlıdır.

S.Mustafayevanın sözlərinə görə, ATU-nun Tədris Terapevtik Klinikasının şəkərli diabet şöbəsi öz hesabına 5 insulin pompası əldə edib. Bu vasitədən ağırlaşmış, şəkər səviyyəsi uzun müddət enməyən, yarası olan və irinli proses gedən stasionar xəstələri üçün istifadə olunur.

Qeyd edək ki, insulin pompalarının köməyilə dəri altından şəkərli diabet xəstəsinə mütəmadi olaraq insulin ötürülür. Bu cihaz 1-ci tip diabet xəstələri üçün - yəni uşaqlar üçün mükəmməl bir idarəetmə vasitəsidir. Çünki prosesin uşaqlar üçün daha az ağrılı keçməsinə imkan verir. Pompada ultraqısa və yaxud qısa təsirli insulindən istifadə olunur, onun iynəsi 3 gündən bir dəyişdirilir. Bu səbəbdən gündə bir neçə dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulininin vurulmasına ehtiyac qalmır. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şnur vasitəsilə pompa ilə əlaqələndirilir.

ATU-nun əməkdaşı S.Mustafayeva Azərbaycanda insulin pompalarının tətbiqi ilə bağlı Qaynar xəttin rəhbəridir. O, həmçinin pompalarla bağlı Məlumatlandırma və servis xidmətinə başçılıq edir. Hazırda ölkəmizdə 135 uşaq pompa terapiya sayəsində müalicəni davam etdirir. Mütəxəssis bildirir ki, pompalar qoyulmazdan öncə valideynlərlə iş aparılır, proses onlara izah olunur: “Bəzi hallarda valideyn özü pompadan imtina edir. Çünki bu, çox dəqiqliklə icra olunmalı bir prosesdir və valideyn səhvə yol verməkdən çəkinir. Əksər hallarda pompalar 6 yaşdan yuxarı uşaqlarda tətbiq olunur. Cihazın başı dəri altına taxılır, özü isə cibdə, yaxud şalvarın kəmər hissəsinə taxılaraq bədənin üstündə gəzdirilir”.

Qeyd edək ki, Azərbaycanda 2014-cü ildən etibarən müəyyən mərhələlərlə Səhiyyə Nazirliyi tərəfindən uşaqlar üçün insulin pompaları gətizdirilib. Xəstə uşaqlara bu bahalı avadanlıq tamamilə dövlət hesabına təqdim edilir.

2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ən müasir insulin növü - Trisiva (dekludek molekullu insulin) preparatı alınıb və respublikadakı bütün diabetli uşaqlara 1 il ərzində təqdim olunub. S.Mustafayeva bildirir ki, bu preparat 40-44 saatlıq effekt verən insulindir: “Həmin dərmanlar da Azərbaycan Diabet Cəmiyyətinin iştirakı ilə 1 il ərzində bizim şöbə vasitəsilə paylanıldı. 1 il ərzində biz özümüz respublikanın müxtəlif regionlarına gedərək, insulinin tətbiqi üzrə təlimlər təşkil etdik, dərmanları payladıq. Proses hətta pandemiya dönəmində də davam etdirildi”. Mütəxəssis həkim S.Mustafayeva şəkərli diabet xəstələri və onların yaxınları üçün daim maarifləndirmənin aparılmasını əhəmiyyətli sayır.

Xəbər lenti